16/08/2018 13:36

Tibb xidməti general-mayoru Dağlar Abdullayevin anım mərasimi keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən mərhum tibb xidməti general-mayoru Dağlar Abdullayevin 80 illik yubileyi ilə əlaqədar anım mərasimi keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mərasim ikinci Şəhidlər xiyabanında mərhumun məzarının ziyarət edilməsi ilə başlayıb. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev başda olmaqla idarənin bir qrup hərbi qulluqçusu və ictimaiyyət nümayəndələri mərhum generalın məzarı üstünə gül dəstələri qoyublar.

Tibb Baş İdarəsində davam edən tədbirdə Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tibb xidməti general-mayoru N.Əliyev çıxış edərək bildirib ki, bu gün 80 illik yubileyi qeyd olunan mərhum D.Abdullayevin Azərbaycan Ordusunun tibb xidmətinin yaranmasında və fəaliyyətində böyük xidmətləri olub. Azərbaycanın ilk “tibb xidməti general-mayoru” ali hərbi rütbəsinə layiq görülmüş D.Abdullayev həmçinin Vətən qarşısındakı xidmətlərinə görə 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb və bir sıra medallarla təltif olunub.

Mərasimdə çıxış edənlər D.Abdullayevlə bağlı xatirələrini bölüşərək mərhumun yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən söz açıblar. Sonda mərhumun ailəsi adından Raul Məmmədov gostərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.