16/06/2017 14:53

Tunis Müdafiə Nazirliyi Türkiyədən “Əjdər Yalçın” zirehli maşınları aldı

Tunis Müdafiə Nazirliyi Türkiyənin “Nurol Makina ve Sanayi” şirkətindən MRAP sinifli “Əjdər Yalçın” zirehli maşınları alıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “tunisiadefnews.ga” saytının yadığı xəbərdə bildirilib.

Tunis Müdafiə Nazirliyi və “Nurol Makina ve Sanayi” şirkəti arasında “Əjdər Yalçın” zirehli maşınlarının alğı-satqısına dair müqavilə imzalanıb.

Müqavilə çərçivəsində “Nurol Makina ve Sanayi” şirkətinin Tunis Silahlı Qüvvələrini 70 ədəd “Əjdər Yalçın” zirehli transportyorları ilə təmin etməsi nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl, 2017-ci ilin əvvəllərində Türkiyənin “Nurol Makina ve Sanayi” şirkətinin Şimali Afrikanın adı açıqlanmayan ölkəsinin Müdafiə Nazirliyi ilə “Əjdər Yalçın” zirehli taktik maşınların ilk ixracat müqaviləsini imzaladığı bildirilirdi. “Nurol Makina ve Sanayi” şirkətinin yaydığı xəbərdə seçim öncəsi “Əjdər Yalçın” 4×4 TTZA həmin ölkədə çöl şəraitində çətin testlərdən keçdiyi qeyd olunurdu.

“Ejder Yalçın” mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı yüksək qorumanı təmin edir. Zirehli maşının adam tutumu 11 nəfərə qədər, döyüş ağırlığı 14 ton, əlavə yük daşıma tutumu 4 ton təşkil edir.

375 BG mühərrikinə malik maşının gediş ehtiyyatı 700 km təşkil edir. 7,75 metr dönüş radiusu olan zirehli maşın 60 faiz bucaq altında maili yüksəkliyə qalxmağı, 30 dərəcə bucaq altında isə yan maili enməyi bacarır.

“Ejder Yalçın”ın xəndək keçidi 1,1 metr, dik maneə keçidi 0,5 metr, sudan keçidi isə 1,1 metr təşkil edir.