26/02/2012 18:00

Türk “Cobra”sı postsovet məkanında rus BTR-lərinin “bazarını öldürür”

Qazaxıstan Silahlı Qüvvələri Türkiyənin “Otokar” şirkətindən 4×4 təkər formullu “Cobra” tipli zirehli nəqliyyat vasitələri alıb. Bu barədə “AzeriDefence” Lent.az saytına istinadən məlumat verib.“Cobra”lar Qazaxıstan xüsusi təyinatlı qüvvələrinin ötən həftə keçirilmiş təlimlərində ilk dəfə sınaqdan çıxarılıb. Rusiya istehsalı olan BTR-80A və BTR-82 transportyorlarının da qatıldığı təlimlərdə “Cobra”lar yüksək manevrlilik qabiliyyəti nümayiş etdiriblər. Bu döyüş maşınları öz imkanlarına görə, Rusiya istehsalı olan zirehli transportyorlardan üstünlüyünü göstərib.

“Spassk” mərkəzində keçirilən təlimlərdə “Cobra”lar desantların çıxarılması ilə yanaşı onlara atəş dəstəyini həyata keçirib, həmçinin maneələrin dəf edilməsi, şərti rəqibin məhvi əməliyyatlarında özünü doğruldub.

Qeyd edək ki, hazırda “Cobra” tipli zirehli personal daşıyıcılar (APC) dünyanın 13, psotsovet ölkələrindən üçünün – Gürcüstan, Azərbaycan və Qazaxıstanın silahlanmasına daxildir. Gürcüstan Ordusunun Türkiyədən ümumilikdə 300 ədəd bu texnikadan aldığı bildirilir. Azərbaycan Sərhəd Qoşunları və Daxili Qoşunlarının arsenalına daxil olan “Cobra”lar isə 2011-ci ildə alınıb. Həmin texnikalar ötən il keçirilən hərbi paradda nümayiş olunub.