25/02/2012 04:18

Türk Ordusu Ermənistanla sərhəddə “Qış-2012” təlimini başa vurdu

Prezident Abdulla Gül təlimi izlədiTürkiyə Silahlı Qüvvələrinin Qars bölgəsində, Akbaba dağlıq bölgəsində keçirdiyi genişmiqyaslı qış təlimləri fevralın 23-də yekunlaşıb. “AzeriDefence”nin məlumatına görə, təlimin yekun gününü prezident Abdulla Gül, baş nazirin müavinləri Bülənt Arınç və Bəşir Atalay, müdafiə naziri İsmət Yılmaz, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Necdət Özəl izləyib.

Ermənistan sərhədi yaxınlığında keçirilən təlimdə Türkiyə Silahlı Qüvvələrinin qış mühitində müxtəlif əməliyyatlara hazırlıq imkanları nəzərdən keçirilib.

Təlim 20 dərəcə mənfi tempraturda, 1900-2000 metr dəniz səviyyəsindən yüksəklikdə keçirilib və tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Üçüncü ordunun komandanı, ordu generalı Əhməd Durmuşun idarə etdiyi üçgünlük “Qış-2012” adlı təlimə 2177 əsgər qatılıb. Təlim Quru Qoşunları və Hava Qüvvələrinin koordinasiyası ilə keçirilib.

“Bölgədə sülh və sabitliyin olması bizim ən böyük arzumuzdur. Lakin atalarımızın da dediyi kimi, sülh istəyirsənsə müharibəyə hazır olmalısan. Bəzilərinin yanlış addım atmasını əngəlləmək üçün qüdrətli orduya sahib olmaq lazımdır. Ən çətin şərtlərə və hər cür təhlükəyə qarşı hazırlıqlı olmaq, ölkəmizin, millətimizin müdafiəsi üçün yaxşı təlim keçmək zəruridir”, deyə A. Gül bəyan edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Qars bölgəsində qış təlimləri 2 ildən bir keçirilir.