26/01/2018 16:44

Türk şirkəti atıcı silahlar və tapançalar üçün patronlarını təqdim edib

Türkiyənin “Turaç Dış Ticaret” şirkəti ABŞ-da keçirilmiş “Shot Show 2018” sərgisində atıcı silahlar və tapançalar üçün istehsal etdiyi “Sterling” markalı yeni patronlarını nümayiş etdirib.

“AzeriDefence”nin məlumatına görə, “Sterling” markası ilə bazara təqdim olunan 9×19 mm-lik tapança patronlarının “Parabellum FMJ” (full metal jacket) və “Luger FMJ” (jacketed hollow point) modelləri üstün göstəriciləri ilə diqqət çəkir. “Luger JHP”  hədəfə böyük təsir göstərmək gücünə malikdir. Bu seriyadan “Subsonic FMJ” patronu isə güllənin lülədən çıxış sürətinin səs sürətindən daha zəif olması ilə önə çıxır. Bu xüsusiyyət sayəsində digər 9 mm-lik patronlarla müqayisədə daha güclü səs çıxaran patron xüsusi məqsədli tapşırıqlar üçün nəzərdə tutulur. 9×19 mm “Subsonic” patronun gülləsi 9.5 qram, sürəti 290 m/saniyə, “Parabellum FMJ” patronunun gülləsi 9.5 qram, lülədən çıxış sürəti 370 m/saniyə, “Luger JHP” patronunda isə güllənin ağırlığı 8 qram, lülədən çıxış sürəti 400 m/saniyə təşkil edir.

“Turaç”ın sərgidə nümayiş etdirdiyi “Sterling” markalı avtomat patronlarına 5,56×45 mm (.223 Rem.), 7,62×39 mm və 7,62×51 mm (.308 Win.) olmaqla üç fərqli nümunə daxildir. Bu patronlar yivli idman tüfəngləri ilə yanaşı M-16, AK-47 və G-3 kimi avtomatlarda istifadə olunur. 7,62×51 mm (.308 Win.) patronun lülədən çıxış sürəti 830 m/saniyə, çıxış enerjisi isə 3400 coul, 5,56×45 mm (.223 Rem.) patronda isə bu göstərici 950 m/saniyə və 1750 couldur.