04/06/2018 13:05

Türk şirkəti Azərbaycana hədəfqaldırma mexanizmləri satıb

Türkiyənin “Teknoloji Mühendislik Danışmanlık Sanayi ve Ticaret” şirkəti Azərbaycana poliqonlar üçün hədəf sistemləri ixrac edib.

Bu barədə “AzeriDefence”yə KADEX-2018 sərgisində təmsil olunan şirkətin nümayəndələri məlumat veriblər.

Şirkət Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” Elmi İstehsalat Müəssisəsinə Dövlət Sərhəd Xidmətinin poliqonunda qurulmaq üçün 28 ədəd məsafədən idarə olunan “HiTiT Akrobat” pop-up (yatıb-qalxan) hədəf tədürük edib. Bu hədəf qaldırıcı mexanizmlər arasında insan ölçülü hədəflərlər yanaşı, 2 tank hədəfi də olub. Hazırda şirkət Azərbaycanda digər poliqonun yenidən qurulması layihələrində cihazların çatdırılmasına dair təklifləri gözləyir.

Şirkət nümayəndələrinin sözlərinə görə, İP65 standartlarına cavab verən hədəf mexanizmləri müxtəlif atış çalışmalarını yerinə yetirməyə imkan verir. Əsas kompüterdən maksimum 1000 metr məsafədəki 30 ədəd “HiTiT Akrobat”a eyni zamanda simsiz rabitə ilə ssenarini göndərmək imkanı mövcuddur. Hədəf qaldırıcı mexanizmin çəkisi 35 kq-dır. Cihazda gecə atışları üçün işıqlandırma funksiyası da mövcuddur.

“ADEX-2018 sərgisində tanıtmağı planlaşdırdığımız yeni nəsil hədəf sistemləri daha qərarlı və stabil çalışır və bir öncəki sistemdə yaşanan problemlər tamamilə aradan qaldırılıb”, – deyə şirkətdən bildirilib.

Sərgidə nümayiş zamanı cihazın iş prinsipində problemlər yaşadığının da şahidi olduq.

Şirkət rəsmiləri bunun elektrik cərəyanının dəyişməsindən qaynaqlandığını bildirsələr də, problemin adətən bir çox analoji cihazlarda olduğu kimi, davamlı çalışma nəticəsində proqram təminatından irəli gəldiyini düşünmək olar.