29/03/2014 11:14

Türk şirkətindən Azərbaycan ordusuna xəbərdarlıq və müşahidə sistemi –FOTO

Türkiyə şirkəti Azərbaycan hərbçiləri üçün xüsusi müşahidə-xəbərdarlıq sisteminin təqdimatını keçirəcək. “AzeriDefence”nin məlumatına görə, yeni sistem əməliyyat bölgələrində xidmət edən hərbçilər, əsasən də xüsusi təyinatlılar üçün nəzərdə tutulur.

Kiçik ölçülü sistem əldə daşınan idarəetmə paneli və düşərgə ətrafına yerləşdirilmək üçün kiçik infraqırmızı sensorlardan ibarətdir.

Bir-biri ilə müəyyən məsafədə yerləşdirilən bu sensorlar hərəkəti təsbit etdikdə, idarəetmə panelinə siqnal ötürərək xəbərdar edir. Eyni zamanda sistem əsgərlərə yerdəki həssas sensor vasitəsi ilə yaxınlaşan təhlükənin insan və ya hansısa canlı olmasını müəyyən etməyə imkan yaradır.

Sensorun batareyası dəyişdirilmədən 2 il istifadəyə imkan verir.

Sistemin ən böyük üstünlüyü onun postdakı və ya ərazidə düşərgə salmış əsgərləri yaxınlaşan düşmən barədə xəbərdar etməsidir.