09/10/2013 05:43

Türkiyə aşağı yüksəklikli zenit raketinin atış sınaqlarını keçirdi

Türkiyə aşağı yüksəklikli havadan müdafiə sistemi (HİSAR-A) layihəsi çərçivəsində milli imkanlar hesabına hazırladığı raketin ilk atışını gerçəkləşdirib. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) məlumat yayıb.

Raket atışı Duz Gölü atış sahəsində keçirilib. Testlərdə raketin atış qurğusudan problemsiz şəkildə buraxıldığı və uçuşu tamamladığı bildirilib: “Sınaq atışları sırasında radar və digər ölçü cihazları ilə raket arasında əlaqə planlanıldığı şəkildə alındı”.

ASELSAN-ın aparıcı rol oynadığı HİSAR-A layihəsində radar, komanda kontrol və atış kontrol sistemləri ASELSAN, raket sistemləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Layihədə Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən çox sayda firma yer alır.

Sistem 2017-ci ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil olacaq.

Qeyd edək ki, HİSAR-A sisteminin atış uzaqlığı 16 km təşkil edəcək.