21/04/2013 13:20

Türkiyə Azərbaycanda istehsal edilən MRAP-lar ilə maraqlanır

Türkiyə Azərbaycanda istehsal edilən minaya qarşı qorumalı nəqliyyat vasitələri ilə maraqlanmağa başlayıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə APA agentliyi məlumat yayıb.Azərbaycana səfər edən Türkiyə heyəti tərəfi Müdafiə Sənayesi Nazirliyinin CAR-ın Paramount Group şirkəti ilə birgə istehsal etdiyi “Matador” və “Marauder” tipli maşınların imkanları ilə tanış olub. Hər iki zirehli personal daşıyıcının manevr qabiliyyəti, minaya qarşı qoruması və ballistik müdafiəsi yüksək qiymətləndirilib.

Türkiyə tərəfinin hazırda bu layihədə iştirakla bağlı məsələyə baxdığı bildirilib.

Məlumatlara görə, BMC şirkəti tərəfindən Türkiyə ordusu üçün “Kirpi” adlı minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalı və çatdırılmasında problemlər yaşandığından hökumət Silahlı Qüvvələrin təchizatı üçün digər variantları nəzərdən keçirir.

Qeyd edək ki, Azərbaycan MSN “Paramount Group” şirkəti ilə “Matador” və “Marauder” tipli minaya qarşı qorumalı nəqliyyat vasitələrinin istehsalına 2009-cu ildə başlayıb. Layihə çərçivəsində ümumilikdə 110 ədəd nəqliyyat vasitəsinin istehsalı planlaşdırılır.

“Matador” 14 (12+2), “Marauder” isə 10 (8+2) personal daşıya bilir. Texnikaların partlayışa tab gətirmə imkanları isə müvafiq olaraq 21 kq TNT və 14 kq TNT-dir. Ballistik müdafiə sisteminə malik olan bu döyüş maşınları şəxsi heyəti 7,62 mm çaplı güllələrdən qoruya bilir. “Matador” STANAG 4569 Level 4a və STANAG 4569 Level 4b, “Marauder” isə STANAG 4569 Level 3a və STANAG 4569 Level 3b standartlarına uyğundur. MRAP-lar 14,5 və 12,7 çaplı pulemyotlarla silahlandırılıb.

Türkiyə BMC firması tərəfindən istehsal edilən “Kirpi” adlı MRAP-da isə qoruma səviyyəsi Stanag 4569 Level 3 tələbinə cavab verir.