30/01/2013 07:03

Türkiyə Jandarma Baş Komandanlığı: “TAKM heç bir dövlətə və təşkilata qarşı deyil” – FOTOLAR

Yanvarın 25-də Bakıda təsis olunmuş Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatına TAKM adı verilib. Təşkilatın emblemində at simvolu və 4 ədəd ulduz əksini tapıb. Bu barədə “AzeriDefence” Türkiyə Jandarma Qüvvələri Baş Komandanlığına istinadən məlumat verib.

TAKM adı təşkilatın təsisçiləri olan Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın adının ingiliscə yazılışda baş hərflərindən formalaşdırılıb.

Hazırda təşkilata sədrlik və daimi katibliyi həyata keçirən Türkiyə Jandarma Qüvvələri Baş Komandanlığı vurğulayıb ki, TAKM Avrasiya bölgəsində yerləşən və təşkilatda təmsil olunan ölkələrin hərbi statuslu hüquq-mühafizə təşkilatları arasında əməkdaşlığı gücləndirmək məqsədi ilə təsis olunub. Heç bir dövlətə və təşkilata qarşı yaradılmayıb.

TAKM-a sədrlik 2014-cü ilin may ayında Qırğızıstana keçəcək.