27/03/2012 10:40

Türkiyə müdafiə sənayesi 2016-cı ilə qədərki hədəflərin açıqladı

İxracat hədəfi 2 milyard dollarTürkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Katibliyi (SSM) 2012-2016-cı illəri əhatə edən Strateji Planını açıqlayıb. Bu barədə “AzeriDefence” SSM-ə istinadən məlumat verib.

Strateji Planda ötən dövrdə Türkiyə müdafiə sənayesində əldə olunmuş nailiyyətlər sadalanıb, həmçinin qarşıdakı illərdə reallaşacaq layihələr barədə məlumatlar yer alıb.

Proqnozlara görə, 2016-cı ildə Türkiyənin müdafiə və aviasiya sənayesinin ixracatı 2 mlrd. ABŞ dollarına çatacaq.

Strateji Plana əsasən Milli Tank proqramı çərçivəsində “Altay” tankının ilk prototipi 2015-ci ilin sonuna qədər hazır olacaq. Döyüş gəmisi proqramı üzrə MİLGEM-S seriyalı ilk gəmi Dəniz Qüvvələrinin inventarına daxil olacaq. Xüsusi Dənizaltının yaradılması ilə bağlı çalışmalar 2015-ci ilədək tamamlanacaq.

Helikopter proqramları çərçivəsində 2013-cü ilin sonuna qədər ATAK, 2016-cı ilin sonuna qədərsə Ümumi Məqsəd Helikopteri inventara qəbul ediləcək. Ümumi məqsədlər üçün nəzərdə tutulan yüngül helikopterin dizayn işləri də bu dövrdə tamamlanacaq.

Təyyarə proqramı üzrə, 2014-cü ilin sonunadək Reaktiv Təlim Təyyarəsi və döyüş təyyarəsinin dizaynı tamamlanacaq. 2015-ci ilin sonuna qədər “Hürkuş” inventara alınacaq.

Pilotsuz uçuş aparatı (PUA) proqramı çərçivəsində ilk Taktik PUA və “Anka” 2014-cü ilin sonunadək silahlanmaya qəbul ediləcək.

İdarə olunan raket proqramı üzrə Uzun Mənzilli Tank əleyhinə Raketin (UMTAS) 2012-ci ilin sonuna, Orta Mənzilli Tank əleyhinə Raketin (OMTAS) 2013-cü ilin sonuna qədər
inventara qəbul edilməsi gözlənilir. Lazer başlıqlı “Cirit” raketi seriyalı istehsala başlanaraq, 2013-cü ilin sonuna qədər ATAK helikopterinə inteqrrasiya olunacaq. Alçaq və Orta Yüksəklikli Hava Müdafiə Sistemləri 2016 ili sonuna qədər hazırlanacaq.

Bundan başqa, 2016-cı ilə qədər dəyişik platformalarda istifadə edilə biləcək mərhələli radarın yaradılmasına başlanacaq. Milli Mühərrik layihəsi üzrə kritik dizayn mərhələsi 2016-cı ilin sonunadək tamamlanacaq. 2016-cı ilin sonuna qədər Turboreaktiv Mühərrikin prototipi hazır olacaq.