29/01/2012 15:21

Türkiyə Silahlı Qüvvələri ATAK-ına apreldə qovuşacaq

Türkiyə və İtaliyanın ortaq istehsalı olan T-129 ATAK döyüş helikopterinin Türkiyə Silahlı Qüvvələrinə ilk təslimatı bu ilin aprel ayında olacaq. “AzeriDefence” saytının məlumatına görə, bunu “Anadolu” agentliyinə müsahibəsində Türkiyənin müdafiə sənayesi katibi Murad Bayar bildirib.

M. Bayar bildirib ki, TUSAŞ/TAI və İtaliya “Agusta Westland” firmasının birgə istehsal etdiyi bu helikopter italyan platformasının üzərində, türk sistemləri, silahları istifadə edilərək yaradılıb. Hazırda helikopterin Türkiyədə və İtaliyada uçuş, həm də atış testləri aparılır.
“TAI-də ikinci prototipi istehsal edilib. Hədəfimiz aprel ayı içərisində ilk təslimatı etməkdir”, deyə Bayar qeyd edib.

ATAK layihəsi üzrə iki partiya təslimatının ilkində 9 helikopter olacaq. Onların təslimatı, 2013-cü ilin ortalarınadək davam edəcək: “Bu il 4 helikopter, qalanları da önümüzdəki il təhvil veriləcək. Ondan sonra, 2013-cü ilin ortalarında 51 helikopterlik proqram başlayacaq və 5 il davam edəcək”.

M. Bayar deyib ki, bu ilin aprelində təhvil veriləcək helikopterin üzərində bəzi təchizatlar azaldılıb.

Bayar ATAK-a başqa ölkələrdən sifariş olacağı təqdirdə Türkiyədə istehsal olunaraq təslim ediləcəyini söyləyib. Artıq ATAK Cənubi Koreyada açılan bir tenderə təqdim olunmuş 4 təklifdən biridir.