09/02/2013 11:08

Türkiyə təhlükəsizlik qüvvələri uzaqdan komandalı atəş sistemləri alır

Türkiyə Xüsusi Əməliyyat Bölmələri uzaqdan komandalı atış sistemləri alacaq. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin “Zaman” qəzeti məlumat yayıb.

Artıq bununla bağlı yerli və xarici firmalarla görüşlər keçirilib və təkliflər alınıb. Seçilmiş silah sistemlərinin atış testləri tamamlanıb.
“Bu sistemlər növbətçilərin daha etibarlı bir bölgədə yerləşərək keşik çəkməsini təmin etmək və əsgərləri ani basqınlarda terrorçuların atəşindən qorumaq məqsədi ilə hazırlanır. Platformaların üzərinə əsgərin ya da polisin istifadə etdiyi silahlar yerləşdirilir. 360 dərəcə dönə bilən bu silahlar polis bölməsinin daxilindən, uzaqdan komanda ilə atəş açır. Beləcə təhlükəsizlik qüvvələri terrorçularla qarşı-qarşıya gəlmədən, kompüter oyunundakı kimi təyin olunan hədəflərə atəş aça bilir. Sistem gecə və gündüz kameraları ilə dəstəklənir”, – deyə xəbərdə qeyd olunub.

Xəbərdə həmçinin bildirilib ki, Təhlükəsizlik Baş İdarəsi Xüsusi Əməliyyat Bölməsinin almaq istədiyi platformanın üzərinə iki silah eyni anda yerləşdirilə bilir. Əməliyyat əsnasında pulemyotda bir problem yarandıqda ikinci silahdan istifadə olunur. Komanda əsasında istiqamətləndirilən sistem ərazinin əvvəldən planlanmış mövqelərdə müşahidəsinin aparır, istənilən bölgələri yaxın planda böyüdərək izləyir. Proqram sayəsində ərazidəki hər cür hərəkəti qəbul edir, hədəf təyin olunduğunda avtomatik təqib vəziyyətinə keçir. Külək və bənzəri amillərdən yaranan hərəkətlənmələri qiymətləndirərək səhv həyəcana səbəb olmur. Eyni zamanda hədəfin mənzilini ölçür.