27/01/2012 11:59

Türkiyə və İtaliyanın hərbi şirkətləri Romada görüşür

Romada İtaliya və Türkiyənin hərbi şirkətlərinin iştirakı ilə toplantı başlayıb. İki gün davam edəcək toplantıya müdafiə sektorunda fəaliyyət göstərən çoxsaylı firmalar qatılıb.

İtaliyadan Finmeccanica başda olmaqla 30-dək firmanın təmsil olunduğu toplantıda Türkiyədən ASELSAN, TAI, ROKETSAN və HAVELSAN kimi böyük şirkətlərlə yanaşı, müdafiə və təhlükəsizlik sektorunda fəaliyyət göstərən bir sıra firmalar iştirak edir. Toplantıda iki ölkə arasında müdafiə sənayesində müxtəlif əməkdaşlıq proqramları müzakirə olunacaq.

Tədbirdə Türkiyə müdafiə sənayesi katibi Murad Bayar və italiyalı həmkarı Filippo Milonenin çıxışları olacaq.