30/08/2015 14:14

Türkiyədə Zəfər Bayramı münasibətilə hərbi parad keçirilir

Ankarada Zəfər Bayramı münasibətilə Türkiyə Silahlı Qüvvələrinin hərbi paradı başlayıb. “AzeriDefence”nin məlumatına görə, Türkiyə dövlət və hökumət rəsmilərinin, diplomatik korpusların nümayəndələrinin qatıldığı paradda ilk dəfə olaraq Türkiyə hərbi sənaye məhsulları önə çıxıb.

Paradda TSK -nin silahlanmasındakı ən müasir silah və texnikalarla yanaşı milli hərbi sənaye müəssisələrinin istehsalı olan “Altay” tankı, ASELSAN tərəfindən modernləşdirilmiş “Leopard 2” tankı, “Atılan” havadan müdafiə sistemi, ROKETSAN istehsalı olan T-300 “Qasırğa” raketləri, MKE istehsalı T-155 “Fırtına” özüyeriyən haubitsalar, FNSS istehsalı olan zirehli döyüş maşınları, “Qunduz” amfibiya buldozer, TUSAŞ tərəfindən istehsal edilmiş “Hürkuş” təlim təyyarəsi, T-129 ATAK zərbə helikopterləri, müxtəlif zirehli texnikalar, raket sistemləri nümayiş etdirilib.

Hərbi bölmələrin ardınca Türkiyənin müdafiə sənayesinin lokomotivi olan ASELSAN şirkətinin məhsulları – “Qorqud” zenit topu, HİSAR zenit-raket kompleksi, “Sərhəd” radarı, “Qalxan” radarı, KoRal radioelektron mübarizə kompleksi yer alıb. Daha sonra ROKETSAN şirkətinin SOM daxil olmaqla müxtəlif mənzillli raketləri, T122, T107, T300, KMC, HİSAR və digər raketləri nümayiş olunub.

HAVELSAN, İŞBİR, ASPİLSAN və FNSS şirkətlərinin məhsullarının keçidindən sonra meydanda Türkiyə müdafie sənayesinin ən böyük özəl sərmayəli şirkəti Otokarın Cobra, Arma, Tulpar döyüş maşınları və sonda Altay tankı tribuna önündən keçid edib.

Paradda ilk dəfə Türkiyənin hərbi təhsil müəssisələrində təhsil alan Azərbaycan da daxil olmaqla 19 müxtəlif ölkənin kursantları tərəfindən həmin ölkələrin bayraqları meydana gətirilib. Xarici müdavimlər də hərbi keçidə qatılıblar.