07/03/2019 20:41

Türkiyə Azərbaycana “Fırtına” satışındakı problemi həll etməyə çalışır – ÖZƏL

Azərbaycan Türkiyənin T-155 “Fırtına” özüyeriyən haubitsa proqramının inkişafını yaxından izləyir və bu silah sistemlərinin əldə edilməsi gündəmdir.

Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Abu Dabidə keçirilmiş İDEX-2019 sərgisində iştirak edən Türkiyənin MKE Təşkilatından məlumat verilib.

MKE yetkililərinin sözlərinə görə, 2010-2012-ci illərdə Azərbaycanla “Fırtına” özüyeriyən haubitsa sisteminin əldə edilməsinə dair müqavilə imzalansa da sonradan texnikanı mühərriklə təchiz edən Almaniyanın MTU şirkətinin Azərbaycana mühərrik satmaması səbəbindən alqı-satqı müqaviləsi ləğv olunub.

“Hətta o vaxt Azərbaycan bəlli həcmdə maliyyə ödənişini də etmişdi. Haubitsalar tədarük üçün hazır idi. Lakin məlum mühərrik mövzusu ilə əlaqədar məsələ həllini tapmadı”, – deyə şirkətdən bildirilib.

Ötən dövrdə MKE tərəfindən Azərbaycan və başqa bir müştəriyə “Fırtına” satışı üçün alternativ mühərrik variantları nəzərdən keçirilib. Son olaraq, MKE və Ukraynanın “Ukroboronprom” Konserni arasında “Fırtına”ların Ukrayna istehsalı olan mühərriklə təchizatına dair razılaşma əldə olunub. Ukrayna mühərriki və aparıcı sistemlərin tətbiqi ilə əlaqədar olaraq maşının dizaynında müəyyən dəyişikliklər ediləcək. Başqa variant isə digər Avropa şirkətinin istehsalı olan mühərrikdir.

MKE rəsmilərinin sözlərinə görə, ayrı-ayrı vaxtlarda “Fırtına” ilə bağlı Azərbaycan yetkililəri ilə görüşlər keçirilib. Xüsusilə də Azərbaycan hərbçiləri “Fırtına II” versiyasına maraq ifadə ediblər. Son olaraq, İDEX-2019 sərgisində “Fırtına” proqramındakı son vəziyyət barədə müdafiə naziri Zakir Həsənova da geniş məlumat verilib.

Qeyd edək ki, T-155 “Fırtına” özüyeriyən haubitsaların yeni modifikasiyasının seriyalı istehsalına bu ilin yanvar ayında başlanıb. İlin sonunadək Türkiyə Quru Qoşunlarına 30 ədəd haubitsanın təhvil verilməsi nəzərdə tutulur. Ümumilikdə Türkiyə Quru Qoşunları 140 ədəd “Fırtına II” alacaq.

“Fırtına II” haubitsalarının qüllənin idarəetmə sistemi, habelə atış kontrol sistemi, elektronikası yenilənib, topun doldurulması avtomatlaşdırılıb. Döyüş maşını həmçinin ASELSAN şirkətinin istehsalı olan “Sarp” döyüş modulu ilə silahlandırılıb.