29/11/2018 09:14

Türkiyə Azərbaycana müdafiə sənayesi attaşesi göndərəcək – ÖZƏL

Türkiyə bir sıra ölkələrdəki səfirliklərinin tərkibində müdafiə sənayesi attaşesi vəzifəsi təsdiq etməyə hazırlaşır.

Bu barədə İDEAS-2018 sərgisində iştirak edən “AzeriDefence” jurnalının əməkdaşının sualını cavablandıran Türkiyə Müdafiə Sənayesi Komitəsinin (SSB) sədr müavini Mustafa Şəkər bildirib.

M.Şəkərin sözlərinə görə, artıq səfirliklərdə müdafiə sənayesi attaşesi vəzifəsinin təsdiq edilməsi ilə bağlı hüquqi tərəflər və qanunvericilikdə dəyişikliklər hazırlanıb və qəbul edilib. Hazırda bu qanunun qüvvəyə minməsi gözlənilir. M.Şəkər qeyd edib ki, müdafiə sənaye attaşeləri ilk olaraq Türkiyənin ən yaxın münasibətlərinin olduğu ölkələrdə təsis ediləcək.

Bu ölkələrin sırasında Azərbaycan, Qazaxıstan, Ukrayna, Pakistan, Qətər və digər ölkələr var. Müdafiə sənaye attaşeləri həmin ölkələrdə müdafiə sahəsində həyata keçirilən layihələri yaxından izləyəcək, tanış olacaq və Türkiyə müdafiə sənayesinin bu layihələrdə iştirakı üçün fəaliyyət göstərəcək.