11/12/2018 11:32

Türkiyə Filippinə T-129 ATAK helikopterləri satacaq

Filippin Silahlı Qüvvələri Türkiyədən TAI (Turkish Aerospace Industries) şirkətinin istehsalı olan T-129 ATAK zərbə helikopterləri alacaq.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana deyib.

Filippin Hərbi Hava Qüvvələrinin helikopter tədarük proqramından danışan müdafiə naziri bildirib ki, HHQ-nin Texniki İşçi Qrupu (Technical Working Group – TWG) işlərini tamamlayıb və ABŞ-ın “Sikorsky” şirkətindən 16 ədəd çoxməqsədli S-70 “Black Hawk” helikopteri, Türkiyənin TAİ şirkətindən isə 8 ədəd T-129 ATAK zərbə helikopterinin satın alınmasına qərar verilib.

Müdafiə naziri “Black Hawk”la bağlı müqavilənin 2019-cu ilin əvvəlində imzalanmasının gözləndiyini qeyd edərək helikopterlərin pulemyotla təchiz ediləcəyini, nəqliyyat və axtarış-xilasetmə əməliyyatlarında istifadə olunacağını vurğulayıb.