30/01/2017 11:57

Türkiyə Jandarma Qüvvələrinin bir qrup hərbçisinin Azərbaycanda xidməti ezamiyyəti başa çatıb

Türkiyə Jandarma Qüvvələrinin Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarında xidməti ezamiyyətdə olan daha bir heyətinin fəaliyyət müddəti başa çatıb.

“AzeriDefence”nin Daxili Qoşunların mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində yolasalma mərasimi keçirilib.

Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi, general-mayor Şirin Xəlilov Daxili Qoşunlarda xidməti ezamiyyətini başa vurmuş 6 nəfərdən ibarət heyətə göstərdikləri köməkliyə görə minnətdarlığını bildirib.

Ş.Xəlilov “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarma İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokolu”lun artıq 20-ci ildönümü ərəfəsində olduğunu xatırladıb.

Ş.Xəlilov iki qurum arasındakı sıx münasibətlərin bu gün də yüksələn templə inkişaf etdiyini vurğulayıb.

Türkiyənin jandarm təşkilatının Azərbaycan Daxili Qoşunlarına təlim-tədris sahəsində göstərdiyi köməkliyin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.

Tədbirin sonunda, türkiyəli heyət Daxili Qoşunlar və Türkiyə Jandarma Baş Komandanlığı arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsində, eləcə də Daxili Qoşunlarda təlim-tədris işinin təkmilləşdirilməsində yüksək peşəkarlıq və iş bacarığı nümayiş etdirdiyinə görə “Fərman”la mükafatlandırılıb.