28/11/2016 18:10

Türkiyə MİLGEM-in Pakistana ixracına hazırlaşır

Türkiyənin STM şirkəti Pakistan Hərbi Dəniz Qüvvələrinə (HDQ) MİLGEM korvetininin satışını həyata keçirəcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin STM şirkəti açıqlama yayıb.

Kəraçi şəhərində keçirilən İDEAS-2016 beynəlxalq müdafiə sərgisi çərçivəsində STM şirkəti, Türkiyənin Müdafiə Sənayesi Katibliyi (SSM) və Pakistan rəsmiləri arasında keçirilən görüşlərdə korvetin ixracı istiqamətində görüşmələrin sürətləndirilməsi və 2017-ci ildə layihənin realizə olunması qərara alınıb.

Qeyd edək ki, STM şirkəti hazırda Pakistanla iki layihə üzərində çalışır. Bunlardan birincisi Pakistan HDQ-nin Logistik Dəstək Gəmisi, digəri isə “Agosta” sinif dənizaltının modernləşdirilməsidir.

Sərgidə STM Türkiyə HDQ-nin proqramına təklif olunmaq üçün dizayn edilmiş FAC-55 (Fast Attack Craft) yüksək sürətli hücum katerini də təqdim edib. Qeyd edək ki, bundan əvvəl FAC-55 Qatar və Azərbaycanda nümayiş etdirilib.

Gövdəsi nanokompozit materialdan hazırlanmış FAC-55 katerinin sürəti 55 knot, ağırlığı 535 tondur.