21/06/2017 18:10

Türkiyə milli T625 helikopterini beynəlxalq sərgiyə çıxarıb

Türkiyənin TAI şirkəti tərəfindən istehsal olunan T625 yüngül çoxməqsədli helikopter Fransada keçirilən “Paris Airshow” aviasiya sərgisində ilk dəfə nümayiş etdirilib.

Bu barədə “AzeriDefence”yə şirkətin mətbuat xidmətindən məlumat verilib.

TAI stendini ziyarət edənlərə məlumat verilib ki, T625 helikopteri ən ağır iqlim şərtləri və məkanda, yüksək hündürlük və temperaturda, gecə və gündüz şərtlərində səmərəli şəkildə fəaliyyət göstərir.

T625-in yüksək performansı və geniş spektri sayəsində, daxili istifadəçilərin ehtiyacını qarşılamaqla yanaşı, beynəlxalq bazarlarda da sürətlə yer alması gözlənilir.

İki pilotla yanaşı 12 sərnişin daşıma qabiliyyətində olan yeni helikopter iki mühərriklidir.

Çəkisi 6 ton olan T625 helikopterin ilk uçuşunun 2018-ci il sentyabrın 6-da keçirilməsi planlaşdırılır.

Helikopterin hərbi versiyası ilə yanaşı, başda VIP olmaq üzrə təcili tibbi yardım, axtarış-xilasetmə kimi bir çox versiyalarının istehsal edilməsi nəzərdə tutulur.

Məlumatda o da qeyd olunub ki, TAI şirkəti milli imkanlar hesabına istehsal olunan T-625 helikopteri üçün turbovallı mühərrikin yaradılması işlərinə başlayıb. 1400 at gücündə (1044 kilovatt) olacaq yeni mühərrik hazırda istifadədə olan “LHTEC CTS800” mühərriklərini əvəz edəcək.