22/05/2018 17:56

Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyəti ANAMA-nın əməliyyatları ilə tanış olub – FOTO

Türkiyə milli müdafiə nazirinin müavini general-leytenant Göksal Kaya və Türkiyə Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin (MAFAM) polkovniki Nedim Fatih Seyha Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) rəsmi səfər edib.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Agentliyin baş qərargahında, Göygöl Regional Təlim Bazasında, eləcə də Ceyrançöl Etimad Fondu layihəsinin həyata keçirildiyi ərazidə olublar.

ANAMA baş qərargahında Agentliyin direktoru Qəzənfər Əhmədov və Planlaşdırma və İnkişaf Şöbəsinin rəisi Pərviz Gidayev nümayəndə heyətini qəbul ediblər. Görüş zamanı nümayəndə heyətinə Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə sahəsində aparılan əməliyyatlar, partlamamış hərbi sursat problemi, beynəlxalq layihələr, bu günə qədər xarici və yerli mütəxəssislər üçün təşkil olunmuş təlimlər barədə məlumat verilmiş, humanitar minatəmizləmə sahəsində gələcəkdə də iki ölkə arasında əməkdaşlıq üzrə müzakirələr aparılıb.

Əsas müzakirə mövzusu isə Türkiyə Milli Mina Fəaliyyət Mərkəzi İdarəsinin heyəti üçün Agentliyin Göygöl Regional Təlim Bazasında, ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumu tərəfindən tədris edilən təlim kurslarının keçirilməsi və eyni zamanda Türkiyədə Agentliyin heyəti üçün təlimlərin keçirilməsi istiqamətində ikitərəfli əməkdaşlıq olub. Rəsmi görüş zamanı ANAMA tərəfindən Türkiyə ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatlarına dəstək sahəsində də fikir mübadiləsi aparılıb.

Bildirilib ki, səfərin başlıca məqsədi 2018-ci ilin yay aylarında tamamlanması planlaşdırılan Ceyrançöl Təmizləmə Layihəsi üzrə ərazidə həyata keçirilən mina və partlamamış hərbi sursat (PHS) təmizlənməsi əməliyyatlarını yerində müşahidə etmək, eyni zamanda lider ölkə məsuliyyəti çərçivəsindəki digər mövzuların koordinasiyasını təmin etməkdən ibarətdir.