04/03/2018 20:03

Türkiyə “Pulat” aktiv müdafiə sisteminin sınaqlarını tamamlayıb

Türkiyənin ASELSAN şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanmış “Pulat” aktiv müdafiə sisteminin atışlı testləri keçirilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Türkiyənin müdafiə sənayesi katibi İsmail Dəmir özünün sosial media hesabında yazıb.

İ.Dəmir testin uğurla keçdiyini qeyd edib.

““Zeytun budağı” əməliyyatına cəlb olunmuş tanklarımıza qısa müddətdə inteqrasiya ediləcək sistem dünyada ilk dəfə bilavasitə döyüş meydanında istifadə edilən aktiv qoruma sistemi olacaq”, – deyə müdafiə sənayesi katibi qeyd edib.

Tankların müdafiəsi üçün nəzərdə tutulan “Pulat” aktiv qoruma sistemi sahib olduğu radar vasitəsi ilə platformaya yönəlmiş təhdidləri aşkarlayır. Ardından fiziki məhvetmə qabiliyyəti hesabına raketləri tanka dəymədən, müəyyən məsafədə məhv edir.

ASELSAN şirkətinin saytında yer alan məlumata görə, “Pulat” həm yaxın məsafədən atılan tank əleyhinə raketləri, həm də uzaq məsafədən atılan idarə olunan raketlərə qarşı 360° bucaq aıtında qorumanı təmin edir. Sistem istənilən hava və iqlim şəratində istifadə olunur.