28/04/2017 23:19

Türkiyə silahlı PUA-nı istismara verməyə hazırlaşır-FOTO

Türkiyənin TAI şirkəti tərəfindən istehsal olunan “Anka” pilotsuz uçuş aparatının (PUA) “Blok A” konfiqurasiyasının test atışları keçirilib.

“AzeriDefence”in məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyi (SSM) “Twitter” hesabında açıqlama yayıb.

“Anka”nın “Blok A” konfiqurasiyasının test atışları ROKETSAN istehsalı olan MAM-L idarə olunan yüksək dəqiqlikli raketlərlə keçirilib.

Məlumatda bildirilib ki, sınaq uğurla nəticələnib, hədəflər tam dəqiqliklə vurulub.

Fotolarından göründüyü qədər “Blok A” konfiqurasiyasının silahlanmasına ROKETSAN şirkətinin istehsalı olan lazer başlıqlı “Cirit” raketi və UMTAS tank əleyhinə idarə olunan raketlər daxil edilib.

PUA-nın üzərində ASELSAN istehsalı olan CATS elektro-optik kəşfiyyat və hədəfləmə sistemi də yer alır.

2013-cü ildə “Anka”nın qəbulu tamamlanmış “Blok A” konfiqurasiyasının yaxın aylarda istismara verilməsi planlaşdırılır.