27/04/2018 16:22

Türkiyə və Azərbaycan hərbi aviasiya sahəsində birgə layihələr həyata keçirəcək – ÖZƏL

Türkiyə və Azərbaycan hərbi aviasiya sahəsində birgə layihələr həyata keçirməyi düşünür.

Bu barədə “AzeriDefence”nin Antalya şəhərində keçirilən “Eurasia Airshow-2018” aviasiya sərgi və şousunda iştirak edən əməkdaşına Türkiyə Müdafiə Sənayesi Katibliyinin nümayəndələri bildiriblər.

Türkiyə və Azərbaycan rəsmilərinin görüşündə bu mövzu ətrafında müzakirələr aparılıb.

SSM nümayəndələrinin sözlərinə görə, Azərbaycanda yerləşən, əsasən keçmiş sovet və Rusiya istehsalı olan təyyarə və helikopterlərin təmiri ilə məşğul olan müəssisələr və Türkiyənin aviasiya sənayesi şirkətlərinin potensialından istifadə edilərək həm hər iki ölkənin, həm də xarici sifarişlərin birgə reallaşdırılması nəzərdə tutulur.

“Hesab edirik ki, Türkiyə və Azərbaycan müəssisələri birlikdə Mi-17 hərbi nəqliyyat, Mi-24 zərbə helikopterlərinin, həmçinin müxtəlif növ təyyarələrin və HHM sistemlərinin birgə modernləşdirilməsini həyata keçirəcəklər. Eləcə də, pilotsuz uçuş aparatlarının, gəzən sursatların birg istehsalı da müzakirə mövzusudur”.

SSM yetkililərinin sözlərinə görə, ASELSAN şirkəti hazırda Azərbaycan HHQ ilə birgə bir neçə layihə üzərində işləyir. Bu yaxınlarda Türkiyədə səfərdə olan müdafiə naziri Zakir Həsənov bu ölkədə aviasiya texnikaları istehsal edən şirkətdə olub, tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Katiblik rəsmiləri hesab edirlər ki, yaxın perspektivdə iki ölkə arasında T-129 ATAK helikopteri və “Hürkuş” təyyarəsi ilə bağlı müqavilənin imzalanması ehtimalı da yüksəkdir. Hazırda Türkiyə həm helikopter, həm də təyyarədə milli istehsal olan komponentlərin yaradılması ilə məşğuldur. Bu da hər iki hava platformasının dost ölkələrə satışındakı problemin aradan qaldırılmasına imkan verəcək.