02/05/2017 11:23

Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə təlimləri davam edir – FOTOLAR

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin silahlı qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyi təlimləri izləmək üçün jurnalistlərin iştirakını təmin edib.

Jurnalistlərə bildirilib ki, birgə təlimlərdə min nəfərədək şəxsi heyət, 80-ə yaxın hərbi texnika, 60-dan çox artilleriya qurğuları və minaatan, Hərbi Hava Qüvvələrinin 12 ədəd Mi-35 döyüş və Mi-17 nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış, hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Təlimlərdə müdafiə olunan düşmənə qarşı birgə hücum əməliyyatlarının təşkili və aparılması, zirehli qrupların və taktiki hava desantın tətbiqi, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyət məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetirilir.

Təlimlərə Azərbaycan heyətinin rəhbəri, polkovnik Münasib Babayev, Türkiyə qrupunun rəhbəri isə polkovnik Hakan Açıqgözdür.

Təlimlər mayın 5-dək davam edəcək.