23/11/2016 19:17

Türkiyə və Pakistan “Super Mushshak” təyyarələrinin alğı-satqısına dair anlaşma memorandumu imzalayıb

Türkiyə və Pakistan arasında “Super Mushshak” təlim təyyarələrinin alğı-satqısına dair anlaşma memorandumu imzalanıb.

Bu barədə “AzeriDefence”yə “Pakistan Aeronautical Complex” (PAC) təşkilatından məlumat verilib.

Karaçi şəhərində keçirilən İDEAS-2016 sərgisi çərçivəsində təşkil olunmuş mərasimdə sənədi PAC sədri Ərşad Malik və Türkiyənin müdafiə nazirinin müavini Mustafa Şəkər imzalayıb.

Anlaşmaya uyğun olaraq Pakistan Türkiyəyə 52 ədəd “Super Mushshak” təlim təyyarəsini ixrac edəcək.

Hazırda “Super Mushshak” təyyarələri Pakistanla yanaşı Səudiyyə Ərəbistanı, Oman, İran və CAR-da istifadə olunur.

Yüksək təhlükəsizlik standartlarına cavab verən təyyarə 300 kiloqram ağırlığında bomba və raketlərlə yüklənə bilər.