15/01/2018 13:24

Türkiyə xüsusi təyinatlıları mikro dronlarnı nümayiş etdirdi

Türkiyə Silahlı Qüvvələri antiterror əməliyyatlarında “Black Hornet” mikro pilotsuz uçuş aparatından (PUA) istifadə etməyə başlayıb.

“AzeriDefence”nin məlumatına görə, Türkiyə Xüsusi Qüvvələr Komandanlığının yayımladığı videoda “Black Hornet” mikro PUA nümayiş etdirilib.

Helikopter dizaynında olan mikro PUA gecə-gündüz kəşfiyyat apara bilir. “Black Hornet” adi kamera ilə yanaşı gecə və pis hava şəraitində görüntünü təmin edən termal kamera ilə təchiz olunub. Mikro dronların çəkisi 18 qram, vintin diametri 120 millimetrdir. PUA-nın uzunluğu 10 sm, eni isə 2.5 sm təşkil edir. PUA saatda 18 kilometrə qədər sürət yığır və operatorundan 1500 metr məsafədə uzaqlaşa bilir. 1.6 km mənzilə sahib olan aparat havada 25 dəqiqə qalır və səssiz işləyir. Kəşfiyyat və axtarış-xilasetmə işləri daxil olmaqla bir sıra missiya üçün istifadə oluna bilər.

“Black Hornet” 2010-cu ildə Norveçin “Prox Dynamics” şirkəti tərəfindən istehsal olunub. 2014-cü ilin iyun ayında “Prox Dynamics” PUA-nın təkmilləşdirilmiş PD- 100 “Black Hornet PRS Block II” versiyasını təqdim edib. Block II baza versiyasından küləyin şiddətləndiyi anda belə sabit uçuş həyata keçirməsi və təkmil proqram təminatı ilə fərqlənir. “Black Hornet”i ABŞ-ın “Flir” şirkəti 2016-cı ildə 134 milyon ABŞ dolarına satın alıb.

Yağışda, qarda, hətta 12 km sürətlə əsən küləkdə işləyə mikro PUA-nın indiyə qədər 500 ədədinin satıldığı təxmin edilir. “Black Hornet”in rəsmi satış qiyməti açıqlanmasa da, bəzi müdafiə sənayesi texnologiyaları üzərində aparılan araşdırmalarda qiymətinin 195 min dollar olduğu iddia edilib.

Qeyd edək ki. “Black Hornet” 2011-ci ildən Əfqanıstanda Böyük Britaniya qüvvələri tərəfindən də istifadə olunub.