17/02/2018 00:24

Türkiyə yeni modernizə edilmiş M-60T “Fırat” tanklarını Afrinə göndərdi – FOTO

Türkiyə Silahlı Qüvvələri yeni modernizə olunmuş M-60T “Fırat” tanklarını Afrin əməliyyatlarına cəlb edib.

“AzeriDefence”nin məlumatına görə, sosial şəbəkələrdə yer alan foto və məlumatlarda M-60T “Fırat” tanklarının Suriyada döyüş əməliyyatları bölgəsinə dislokasiyası əksini tapıb.

M-60T tanklarının modernləşdirilməsi 2017-ci ildə ASELSAN şirkəti tərəfindən həyata keçirilib. M-60T tanklarının tank əleyhinə idarə olunan raketlərə qarşı müdafiə qabiliyyətinin artırılması layihəsi üzrə müqavilə ASELSAN şirkəti ilə Müdafiə Sənayesi Katibliyi arasında 2017-ci ilin may ayında, İstanbulda keçirilən İDEF-2017 sərgisi çərçivəsində imzalanıb.

Modernləşmə zamanı M-60T tankına qüllənin daxilindən idarə olunan “Sarp” döyüş modulu, lazer xəbərdarlıq sistemi, 360 dərəcə ətrafda hər cür hava şəraitində müşahidə aparmağa imkan verən optik cihazlar və havalandırma sistemi qurulub. Eləcə də tankın zirehi və atış-kontrol sistemi yenilənib.

ASELSAN tərəfindən qurulan lazer xəbərdarlıq sistemi düşmənin lazerlə tuşlanan idarəolunan raketlərindən tankın qorunmasını təmin edib.

İlk partiyada 15 ədəd tankın modernləşdirildiyi bilinir.

Qeyd edək ki, Türkiyə mediasında yer alan məlumata görə, 2017-ci ilin ortalarınadək “Fərat Qalxanı” əməliyyatında Türkiyənin 30-dək tankı və zirehli maşını terrorçuların raket atışları və mina partlayışlarından zərər çəkib.

“Zeytun Budağı” əməliyyatı çərçivəsində Türk Ordusunun 2, bəzi məlumatlara görə 3 ədəd “Leopard 2” tankı PYD/PKK terrorçuları tərəfindən vurulub.

M-60T “Fırat” və “Leopard” tankları döyüş zonasında