14/09/2019 15:55

Türkiyəli qazilər və ehtiyatda olan zabitlər SHXÇDX-də olub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycand səfərdə olan türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Görüşdə iki qardaş ölkə arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərindən söhbət açılıb. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri siyasət nəticəsində dövlətlərimiz arasında ikitərəfli, həmçinin çoxtərəfli müstəvidə əməkdaşlığın gündən-günə dərinləşdiyi xüsusi vurğulanıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə vətənpərvərlik tərbiyəsində veteran təşkilatlarının rolundan danışılıb. Bu cür qarşılıqlı səfərlərin əhəmiyyətinə diqqət çəkilib. Bildirilib ki, indiki dövrdə ölkələrimiz arasında tarixi ənənələrə söykənən sarsılmaz qardaşlıq əlaqələri bütün sahələrdə olduğu kimi hərb quruculuğu sahəsinə, eləcə də ehtiyatda olan zabitlər və veteran təşkilatlarının əməkdaşlığına yeni töhfələr verir.

Bakının işğaldan azad olunmasının 101 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün Azərbaycana gələn qonaqlar Azərbaycan və Türkiyə münasibətlərini xalqlarımız arasında olan qardaşlığın təntənəsi kimi qiymətləndiriblər. Qeyd olunub ki, yüz bir il bundan əvvəl iki qardaş xalqın əsgərlərinin şücaəti və qanı bahasına Bakı və digər rayonların azad olunması ölkələrimizin hərb tarixinin ən şərəfli səhifələrindəndir.

Qonaqlar Azərbaycanda səfərdə olmaqlarından məmnunluqlarını ifadə edib, səmimi qəbula və Azərbaycanın veteran təşkilatları ilə əlaqələrin inkişafı istiqamətində verilən dəstəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinə təşəkkürlərini bildiriblər.