10/12/2017 18:48

Türkiyənin ARES Tərsanəsi Qətərə dünyanın ən sürətli OPV gəmisini inşa edib

ARES-150 Hercules OPV

Türkiyənin “ARES Tərsanəsi” Qətər Sahil Təhlükəsizlik Qüvvələri üçün inşa etdiyi ilk “ARES-150 Hercules” OPV və bir ədəd “ARES-110 Hercules” gözətçi gəmisini dekabrın 8-də sifarişçiyə təhvil verib.

“AzeriDefence”nin məlumatına görə, gəmilər dekabrın 8-də şirkətin Antalyadakı tərsanəsində təşkil olunan mərasimlə Qətər Sahil Təhlükəsizlik Qüvvələrinə verilib.

“ARES Tərsanəsi” Qətər Daxili İşlər Nazirliyinin elan etdiyi tenderdə 18 şirkətlə mübarizə apararaq qalib olub və 14 aprel 2014-cü ildə layihə imzalanıb. Layihəyə Qətər Sahil Təhlükəsizlik Qüvvələri üçün 5 ədəd 24 metrlik “ARES-75 Hercules”, 10 ədəd 34 metrlik “ARES-110 Hercules” sürətli gözətçi gəmisi və 2 ədəd 48 metrlik ARES-150 “Hercules” açıq dəniz gözətçi gəmisi (OPV) inşası daxildir. Bu günədək Türkiyə şirkəti “ARES-75 Hercules”lərin hamısını, “ARES-110 Hercules”lərdən 7 ədəd, “ARES-150 Hercules”lərdən birini sifarişçiyə təhvil verib.

“ARES-150 Hercules” bu günədək Türkiyədə inşa edilmiş kompozit gövdəli ən böyük gəmidir. Firma rəsmiləri bu gəminin saatda 37 dəniz mili sürəti ilə dünyada ən sürətli OPV olduğunu qeyd edirlər.