10/10/2017 14:49

Türkiyənin ASELSAN və Ukraynanın “Everest” şirkətləri arasında memorandum imzalanıb

Ukraynanın Kiyev şəhərində keçirilən “Silah və təhlükəsizlik” sərgisi çərçivəsində bu gün Türkiyənin ASELSAN şirkəti ilə Ukraynanın “Everest” şirkəti arasında profesional radio rabitə vasitələrinin Ukraynada istehsal xəttinin qurulması və istehsalının həyata keçirilməsinə dair memorandum imzalanıb.

“AzeriDefence” xəbər verir ki, bu barədə sərgidə iştirak edən AZERİ DEFENCE jurnalının baş redaktoru Rəşad Süleymanov məlumat verib.

Memerandomun imzalanma mərasimində Türkiyənin müdafiə sənayesi katibi İsmayıl Dəmir və Ukrayna təhlükəsizlik şurasının katibi Aleksandr Turçinov iştirak ediblər. A.Turiçinov qeyd edib ki, Türkiyə və Ukrayna arasında müdafiə sənayesi sahəsində yüksək əlaqələr var və bu əlaqələr yüksələn xətt üzrədir. A.Turiçinov ötən gün ASELSAN ilə Ukrayna arasında daha bir müqavilənin imzalandığını diqqətə çatdırıb.

Qeyd edək ki, ötən gün ASELSAN şirkəti və Ukraynanın Ukroboronprom” Dövlət Konserni arasında Türkiyə istehsalı olan rabitə vasitələrinin Ukrayna Silahlı Qüvvələrinə ixracına dair müqavilə imzalanıb. Müqavilə çərçivəsində müxtəlif tip radio cihazlar, əl rabitə vasitələri, maşın içi və tank içi rabitə vasitələri, həmçinin optik cihazların Ukraynaya ixracı nəzərdə tutulur.

Bundan əvvəl ASELSAN şirkəti İsrailin L-1, Amerikanın “Harris Corporation”, Fransanın “Thales” və Almaniyanın “Rohde Schwarz” şirkətləri ilə mübarizə apararaq Ukrayna ordusunun keçirdiyi testlərdən uğurla keçib. Buna görə də, Ukrayna silahlı qüvvələri tərəfindən seçilib.