27/11/2019 14:33

Türkiyənin “Bozdoğan” raketinin atış sınaqları keçirilib – FOTO/VİDEO

Türkiyənin TÜBİTAK SAGE institutu tərəfindən yaradılmış “hava-hava” tipli “Bozdoğan” raketinin atış sınaqları keçirilib.

Bu barədə “AzeriDefence”yə Türkiyə Sənaye və Texnologiya Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, “Bozdoğan” raketi döyüş təyyarəsini imitasiya edən sabit platformadan buraxılıb. Təxminən 4 km məsafədən hədəf təyyarəsinə qarşı atılan idarəolunan “Bozdoğan” raketinin ilk atış sınaqları uğurla nəticələnib. Raketin 2020-ci ildə təyarrədən atış sınaqları keçiriləcək.

Səsdən sürətli “Bozdoğan” yüksək manevr imkanlarına malikdir. İnfraqırmızı görüntüləyici özütuşlanan başlığa sahib raketin uçuş sırasında hədəfi tanıma qabilliyəti var. Milli imkanlar hesabına hazırlanan “Bozdoğan” yüksək təsirli döyüş başlığı ilə təchiz edilib.

“Bozdoğan” raketinin Türkiyənin TF-X milli döyüş təyyarəsinə və F-16-lara inteqrasiya ediləcəyi planlaşdırılır.

Türkiyə “Bozdoğan” ilə “hava-hava” raketləri istehsal edən 9 ölkə arasında iştirak edir. Layihə tamamlandıqda Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələrində istifadə olunan “hava-yer” raketləri ilə yanaşı “hava-hava” raketlər də yerli və milli olacaqdır.

Prezident Rəcəb Tayyib Ərdoğan “Göktuğ” layihəsi çərçivəsində hazırlanan “Bozdoğan” raketi haqqında danışarkən bildirib ki, ilk yerli və milli “hava-hava” raketi 2020-ci ildə təyyarədən atış sınaqları tamamlandıqdan sonra Türkiyə Silahlı Qüvvələrinin invertarına qəbul ediləcək.