18/05/2018 13:02

Türkiyənin “Əjdər Yalçın” zirehli maşını Slovakiyada 

Türkiyənin “Nurol Makina” şirkəti Slovakiyada keçirilən IDEB 2018 sərgisində mina və ballistik təhdidlərə qarşı yüksək qorumalı xüsusiyyətlərə malik “Əjdər Yalçın” zirehli transportyorunu nümayiş etdirib.

Bu barədə “AzeriDefence”yə “Nurol Makina” şirkətindən məlumat verilib.

Afrika, Yaxın Şərq və Asiyada müştəriləri olan “Əjdər Yalçın” zirehli transportyorun bir hissəsi səhra kamuflyajı digər hissəsi isə xaki kamuflyajı rəngində boyanaraq sərgidə təqdim olunub.

“Əjdər Yalçın” zirehli döyüş, komanda-nəzarət, ambulans, KBRN kəşfiyyatı, zirehli personal daşıyıcı, sərhəd nəzarət, hava hücumundan müdafiə, mina və əldəqayırma partlayıcı axtarışı və zərərsizləşdirilməsi kimi fərqli konfiqurasiyalarda istehsal olunur.

4×4 təkər formuluna malik “Əjdər Yalçın” TTZA sinfində minaya qarşı ən yüksək qorumanı təmin edir. Maşının mina, ballistik mühafizə və əldəqayırma partlayıcılara qarşı qoruma səviyyəsi dünyada tanınan təşkilatlar tərəfindən test edilərək sertifikatlandırılıb. “Əjdər Yalçın”ın önəmli üstünlüklərində biri də 360 dərəcədə gələn təhdidlərə qarşı qorumanı təmin etməsidir.

Sürücü və komandir daxil 11 nəfəri daşıya bilən “Əjdər Yalçın”ın döyüş ağırlığı 14 ton, faydalı yükü 4 tondur. 375 at gücündə mühərriklə təchiz olunmuş maşının gediş ehtiyyatı 700 km təşkil edir. 7.75 metr radiusda dönən zirehli maşın 60 % bucaq altında maili yüksəkliyə qalxır, 30 % bucaq altında isə yana maili ərazidə hərəkət edir, 1.1 metr enində xəndəkləri, 0.5 metr hündürlükdə dik maneələri, 1.1 metr dərinlikdə su maneələrini dəf etməyi bacarır.