23/02/2016 10:43

 Türkiyənin ən təsirli silahı Hava Qüvvələrinə təhvil verildi – FOTO

ASELSAN şirkəti tərəfindən yaradılmış KORAL Mobil Radioelektron Mübarizə Sistemi Türkiyə Hava Qüvvələri Komandanlığına təhvil verilib.

Bu barədə “AzeriDefence”yə ASELSAN şirkətindən məlumat verilib.

Sistemin Hava Qüvvələrinə verilməsi mərasimində çıxış edən Türkiyənin müdafiə sənayesi katibi İsmail Dəmir radioelektron hərbin müasir müharibələrdə artan rolundan danışıb. Hazırda davam edən böhranlarda bu sistemlərin oynadığı roldan bəhs edən İ.Dəmir müdafiə sənayesinin KORAL ilə yanaşı yer, hava, dəniz platformalarına bağlı radioelektron dəstək və döyüş sistemlərinin, özünü müdafiə sistemlərinin, əldəqayırma partlayıcılara qarşı jammer sistemlərinin hazırlanması istiqamətində işlərin davam etdiyini bildirib.

ASELSAN şirkətinin baş direktoru Faiq Eken isə KORAL sisteminin Türk müdafiə sənayesinin önəmli bir mərhələsi və uğuru adlandırıb.

F. Eken qeyd edib ki, KORAL Silahlı Qüvvələrə verilənədək qəbul müayinələrində 1000-dən artıq test mərhələsindən keçib. Bu sistemin yaradılmasında ASELSAN ilə yanaşı 50-dək şirkət çalışıb.

KORAL düşmənin havadan müdafiə sistemini iflic edəcək

KORAL Mobil Radioelektron Mübarizə Sistemi hərbi taktik maşınlara inteqrasiya edilmiş, geniş dalğa diapazonlarında çalışan Elektronik Dəstək Sistemi (KORAL ED) və Elektronik Hücum Sistemindən (KORAL ET) ibarətdir. Hərbi qüvvələrin imkanlarını əhəmiyyətli dərəcədə artıracaq bu sistem radar dalğalarını aşkarlayır, analiz edir, istiqamətini təyin edir. bununla yanaşı hədəf radarları qarışdırıb aldataraq onların funksiyalarını yerinə yetirmələrinə maneçilik yaradır. Bu imkanlarına görə KORAL sistemi hədəf ölkələrin hava hücumundan müdafiə sistemlərinə önəmli zərbə vuracaq qabiliyyətə malikdir.

ASELSAN-ın məlumatında qeyd olunub ki, 2013-cü ildən başlayan testlərdə müxtəlif radarlara qarşı tətbiq edilmiş radioelektron hücum yoxlamalarından alınan nəticələr sistemə olan etibarı artırır. KORAL-da tətbiq olunmuş, gələcəyin müdafiə texnologiyası kimi dəyərləndirilən aktiv elektron skan elementləri eyni anda daha çox hədəfə qarşı təsirli şəkildə hücum etməyə imkan verir. Aktiv elektron skan elementləri sahəsində layihədə istifadə edilən texnologiya və təcrübə digər radar və elektron hərb sistemlərində də istifadə oluna biləcək.

koral_pg8