01/05/2019 20:15

Türkiyənin hərbi rəsmiləri Azərbaycan məhsulları ilə tanış olublar

İstanbulda keçirilən İDEF-2019 beynəlxalq müdafiə sərgisinin ikinci günü Türkiyənin hərbi rəsmiləri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendini ziyarət edərək nümayiş etdirilən silah və sursatlarla tanış olublar.

“AzeriDefence”nin sərgidə iştirak edən əməkdaşlarının verdikləri məlumata görə, bu gün öncə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir MSN stendinə baş çəkib. Komitə sədrinə Azərbaycanda istehsal edilən silahlar və döyüş sursatları barədə məlumat verilib. Bu silahların bəzilərinin artıq Türkiyə Silahlı Qüvvlərinin də istifadəsinə daxil olduğu bildirilib.

Daha sonra jurnalistlərə açıqlama verən İ. Dəmir Azərbaycanın İDEF-2019 sərgisində iştirakından məmnun olduqlarını, sərgi çərçivəsində keçirilən ikitərəfli görüşlərin səmərəli olacağını vurğulayıb.

“Azərbaycan və Türkiyə arasında hər bir sahədə olduğu kimi müdafiə sənayesi sektorunda da sıx əməkdaşlıq mövcuddur. Biz Türkiyə olaraq Azərbaycanın müdafiə sənayesinin inkişafına öz töhvəmizi verməyə hazırıq”, – deyə Dəmir vurğulayıb.

Günün sonunda isə Türkiyənin Milli müdafiə naziri Hülusi Akar MSN stendinə baş çəkib.

Qeyd edək ki, sərgi çərçivəsində Cibutinin müdafiə naziri, Pakistan, Bəhreyn, Banqladeş və digər dövlətlərdən olan yüksək rütbəli nümayəndə heyətləri MSN-də olub.