23/07/2019 14:02

Türkiyənin hərbi şirkətləri “Top-100”də irəlidədir

Türkiyənin ASELSAN şirkəti dünyanın ilk 100 müdafiə sənaye şirkəti (Defense News Top-100) siyahısında 3 pillə yüksələrək 52-ci sırada qərarlaşıb.

Bu barədə “AzeriDefence” “Defense News” nəşrinə istinadən məlumat verib.

ABŞ-ın hərbi “Defense News” nəşri tərəfindən yayımlanan dünyanın “Top-100” siyahısına 2006-cı ildə daxil olan ASELSAN ötən il 55-ci pilləyə qədər yüksəlmişdi. ASELSAN bu il həyata keçirdiyi layihələrdən əldə elədiyi 1.8 milyard ABŞ dolları gəlirlə 52-ci sırada yer alıb.

ASELSAN şirkətinin İdarə Heyətinin sədri-baş direktor Haluk Görgün bildirib ki, ASELSAN yarandığı 1975-ci ildən bəri Türkiyə ordusunun eloktron cihaz və sistem sahəsində ən önəmli mərkəzi olub. H. Görgün qeyd edib ki, bu gün ASELSAN şirkəti Türkiyə ordusu ilə yanaşı dünyanın 64 ölkəsinə ixracat həyata keçirir. “Dünyanın ilk 50 müdafiə sənayesi şirkətlərindən biri olma hədəfimizi gerçəkləşdirməyə çox az qaldı”, – deyə H. Görgün vurğulayıb.

Qeyd edək ki, “Top-100” siyahısında ASELSAN şirkəti ilə yanaşı Türkiyənin TUSAŞ, STM və ROKETSAN şirkətləri də yer alır. Açıqlanan siyahıda TUSAŞ şirkəti son bir ildə 64-cü yerdən 69-cu yerə – 5 pillə geriləyib. STM 97-dən 85-ci yerə, ROKETSAN 96-dan 89-a irəliləyib. Siyahının liderliyində ABŞ-ın “Lockheed Martin” şirkəti dayanır.