06/12/2017 10:07

Türkiyənin “Hisar” raket kompleksinin dik atış sınaqları keçirilib

Türkiyənin “Hisar” indeksli havadan müdafiə raketinin ilk dəfə dik atışı test edilib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə ASELSAN şirkətinin yeni yayımlanan nəşrində məlumat verilib.

Bildirilib ki, “Hisar” zenit-raket kompleksinin (ZRK) 360 dərəcə radiusda qoruma qabiliyyəti uğurla test edilib. Məlumatda o da qeyd olunub ki, raketin sistemə inteqrasiya testləri tamamlanıb və sistem səviyyəsində hazırlanma və sınaq prosesi başlanıb.

Qeyd edək ki, SSM tərəfindən 2011-ci ildə başladılmış Hisar layihəsində ZRK-nin komanda-kontrol, radar, arayıcı başlıqlar və atəş kontrol sistemləri ASELSAN, raket və buraxıcı ROKETSAN, raketlərin döyüş başlığı və batareyası TÜBİTAK SAGE, informasiya əlaqəsi “Meteksan Savunma” və ASELSAN HBT qrupu, Link-16 proqram yazılımı isə MİLSOFT şirkəti tərəfindən hazırlanıb.

Layihə çərçivəsində aşağı hündürlükdə havadan müdafiə raketi “Hisar-A”, orta mənzilli havadan müdafiə raketi “Hisar-O” və uzaq mənzilli havadan müdafiə raketi “Hisar-U” yaradılıb.

“Hisar-A” ZRK raket buraxma sistemi, “Hisar-A” və “Hisar-O” sistemlərinin ikisindən də atılabilən aşağı hündürlük raketi, raket daşıma və yükləmə sistemi ilə komplektləşdirilir. “Hisar-A”nın atış mənzili minimum 2 km, maksimum 16 km-dir. “Hisar-O” zenit-raket kompleksində ASELSAN-ın “Qalxan” radarının tətbiqi nəzərdə tutulur. “Hisar-O” raketinin atış mənzili 3 km-dən 25+ km təşkil edir. 8×8 təkər formuluna malik MAN nəqliyyat vasitəsinə inteqrasiyası nəzərdə tutulan “Hisar-U” ZRK-nin yaradılma prosesi davam etdirilməkdədir. “Hisar-U”nun atış uzaqlığı 30 km-dən 150+ km nəzərdə tutulur.