01/02/2018 19:34

Türkiyənin HİSAR-A zenit-raket kompleksinin atış sınaqları keçirilib

Türkiyənin aşağı yüksəklikli havadan müdafiə sistemi – HİSAR-A layihəsi çərçivəsində milli imkanlar hesabına hazırladığı zenit-raket kompleksinin (ZRK) atış sınaqları keçirilib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli “Twitter” səhifəsində bildirilib.

HİSAR-A ZRK-nin atış sınaqları milli müdafiə nazirinin iştirakı ilə Aksarayda keçirilib.

“Atış zamanı 100 faiz nəticə göstərən HİSAR-A kompleksinin sınaqları uğurla yekunlaşıb”, – deyə nazir N.Canikli vurğulayıb.

ASELSAN-ın aparıcı rol oynadığı HİSAR-A layihəsində radar, komanda kontrol və atış kontrol sistemləri ASELSAN, raket sistemləri ROKETSAN şirkəti tərəfindən istehsal olunur. Layihədə Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən çox sayda firma yer alır. “Hisar-A” zenit raket kompleksinin atış mənzili minimum 2 km, maksimum 16 km-dir.