17/04/2017 13:32

Türkiyənin ilk milli hərbi nəqliyyat gəmisi sıraya qəbul olunub

Türkiyənin ilk milli TCG “Bayraktar” (L-402) hərbi nəqliyyat gəmisi (LST) Hərbi Dəniz Qüvvələrinin (HDQ) invertarına daxil edilib.

Bu barədə “AzeriDefence” Türkiyə mediasına istinadən məlumat verib.

Anadolu Tərsanəsi (ADİK) tərəfindən TCG “Bayraktar”ın inşasına 2013-cü il iyun ayının 17-də başlanıb. 2015-ci il oktyabrın 3-də suya endirilən gəminin bütün testləri uğurla başa çatdırılıb.

600 nəfərlik şəxsi heyət tutumu olan gəminin uzunluğu 139 metr, eni 19.60 metr, su basımı 7 254 tondur.
1.100 kv. metr qapalı göyərtədə və 690 kv. metr açıq göyərtədə sahəsi olan TCG “Bayraktar” təqribən 1.200 ton yük və ya müxtəlif tank, zirehli maşın və digər texnika daşıma gücünə malikdir. 30 gün dənizdə qala bilən gəminin gediş mənzili 5 000 dəniz milindən artıqdır.

Gəmi 2 adəd tək lüləli 40 mm-lik “Oto Melara” topu, 2 ədəd “Mk15 Phalanx CIWS” və 2 ədəd pulemyotla təchiz ediləcək.

Qeyd edək ki, ADİK Tərsanəsində inşa edilən eyni sinifli – “Sancaktar” adlı ikinci gəminin 2017-ci ilin oktyabr ayında HDQ-nin inventarına daxil edilməsi planlaşdırılıb.