09/01/2018 12:26

Türkiyənin milli döyüş təyyarəsi belə olacaq – VİDEO

Türkiyənin TAI şirkəti TF-X beşinci nəsil döyüş təyyarəsinin yeni videosunu yayımlayıb.

“AzeriDefence”nin “Kokpit.aero” saytına istinadən verdiyi xəbərə görə, videoda Türkiyənin milli TF-X təyyarəsinin ümumi xüsusiyyətləri və sistemləri haqqında bəhs edilib.

Bildirilib ki, milli döyüş təyyarəsinə ASELSAN şirkətinin istehsalı olan AESA radarı inteqrasiya olunacaq. Bundan başqa TF-X təyyarəsi ASELSAN və TAI şirkətlərinin birgə hazırlayacağı proqram təminatı sayəsində sürü halında uçan pilotsuz uçuş aparatlarına (PUA) nəzarət edəcək.

Həmçinin TF-X-də ASELSAN-ın istehsalı olan radioelektron mübarizə sistemi, raket hücumundan xəbərdarlıq sistemi, lazer xəbərdarlıq sistemi quraşdırılacaq. Bundan başqa TF-X döyüş təyyarəsi rəqəmsal radio dalğa yaddaşı (DRFM – Digital Radio Frequency Memory) və radio dalğaları qarışdıran sistemlə təchiz olunacaq.

Qeyd edək ki, Türkiyə 2011-ci ildən təyyarə istehsalı ilə bağlı layihəyə start verib. Təyyarənin ilk təqdimatının 2023-cü ildə keçiriləcəyi planlaşdırılır.