29/01/2018 13:25

Türkiyənin müdafiə sektorunda ən böyük ixracatçı TUSAŞ şirkəti oldu

TUSAŞ şirkəti Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunda ötən ilin ixracat lideri olub.

Bu barədə “AzeriDefence”yə TUSAŞ şirkətindən məlumat verilib.

Müdafiə və Aviasiya Sənaye İxracatçıları Birliyinin (SSI) məlumatına görə, Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunun ixracı ötən il 2016-cı illə müqayisədə 3,7% artaraq 1 milyard 677 milyon dollardan 1 milyard 739 milyon dollara çıxıb. Müdafiə və aviasiya sənayesi sektoru qoyduğu performansla son 5 ildə ixracın ən çox artdığı sahələrdən biri oldu. Müdafiə və aviasiya sənayesinin ixracatı 2012-2017 illərdə 38 faiz artıb. Bu performans müdafiə və aviasiyanı son 5 ildə ixracını ən çox artıran 5-ci sektor mövqeyinə qaldırıb.

Türkiyədə müdafiə və aviasiya sənayesi 2012-ci ildə 1 milyard 261 milyon dollarlıq məhsul ixrac edərkən, bu nisbət 2017-də 1 milyard 739 milyon dollara çatıb. Müdafiə və aviasiyada ötən il ən çox ixrac edilən məhsul təyyarə və helikopter detalları olub. Sözügedən məhsulların ixracı əvvəlki illə müqayisədə 8,1% artaraq 524,4 milyon dollara çatıb.

Digər hava vasitələri üçün turbopərli və turboreaktiv mühərriklərə aid detalların ixracı həmin dövrdə 7% artaraq 276,9 milyon dollara, mülki hava platformaları üçün turboreaktiv mühərrik ixracı 201,6%artaraq 192,2 milyon dollara, tanklar və digər zirehli döyüş nəqliyyat vasitələrinin ixracı 17,2% artaraq 111,8 milyon dollara çıxıb.

Ötən il 77,6 milyon dollarlıq yivsiz tək lüləli, 41,6 milyon dollarlıq tank və digər zirehli döyüş vasitələrinin detalları, 36,5 milyon dollarlıq yivsiz ov tüfəngi, 36,5 milyon dollarlıq da hərbi silahlara aid mərmi və digər sursat ixrac edilib. İxracda təyyarə və helikopter hissələri yüzdə 30, turbopərli və turboreaktiv mühərriklərə aid detallar yüzdə 16, mülki hava vasitələri üçün turboreaktiv yüzdə 11 pay alıb.

2017-ci ildə müdafiə və aviasiya sənayesi sektorunda ixrac potensialına görə, TUSAŞ şirkətindən sonrakı yerlərdə Pratt & Whitney THY, ASELSAN ve “Alp Havacılık” şirkətləri qərarlaşıb. 2016-cı ildə isə müdafiə və aviasiya sənayesi sektorunda ixrac potensialına görə, hesabatda əsas yerləri TUSAŞ, TEI, MKE, FNSS, ASELSAN şirkətləri tutub.

Qeyd edək ki, SSI-nin açıqladığı statistik məlumatlara görə, Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunun 2017-ci ildə həyata keçirdiyi ixracatda birinci yerdə 692 milyon 312 min dollarla ABŞ, sonrakı yerdə 208 milyon 641 min dollarla Almaniya və üçüncü yerdə 106 milyon 871 min dollarla Hindistan dayanıb. Sonrakı yerlərdə Fransa, Polşa, İngiltərə, Səudiyyə Ərəbistanı, İtaliya, Malayziya, Azərbaycan, Türkmənistan və Qatar yer alıb.