12/12/2017 16:12

Türkiyənin SOM raketləri milli mühərriklə təchiz olunacaq

Türkiyənin TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan və ROKETSAN şirkətinin istehsalı olan SOM “hava-yer” raketləri yeni milli turboreaktiv mühərriklə təchiz olunacaq.

“AzeriDefence”nin “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, Müdafiə Sənayesi Katibliyi (SSM) və “Kale Havacılık” şirkəti arasında yerli turboreaktiv mühərriklərin hazırlanmasına dair müqavilə imzalanıb.

Müqavilə Hərbi Hava Qüvvələrinin ehtiyacını qarşılamaq üçün istehsal olunan yeni nəsil SOM raketlərində istifadə olunacaq turboreaktiv mühərriklərin və mühərrikə aid alt sistemlərin dizaynı, istehsalı, testlərinin keçirilməsi və s. xidmətləri əhatə edir.

“Kale Havacılık” tərəfindən tam yerli imkanlar hesabına hazırlanan mühərrikin işləri tamamlanma üzrədir. 2018-ci ilin ortalarından etibarən yeni mühərrikin SOM raketlərinə inteqrasiya olunması planlaşdırılır.

Yeni turboreaktiv mühərriklər idarə olunan raketlər, pilotsuz uçuş aparatları və kiçik sinfli hava vasitələri daxil olmaqla müxtəlif sistemlərdə istifadə olunacaq.

Məlumatda o da qeyd olunub ki, quru və dəniz hədəflərinə qarşı istifadə olunması üçün nəzərdə tutulan SOM raket ailəsinin SOM-A, SOM-B1, SOM-B2, SOM-J kimi konfiqurasiyaları mövcuddur. Səsaltı sürətə sahib, uzun mənzilli SOM raketinin atış mənzili 250+ km təşkil edir.