06/09/2018 13:36

Türkiyənin T625 helikopterinin ilk uçuş sınağı keçirilib

Türkiyənin TAI şirkəti tərəfindən istehsal olunan T625 yüngül çoxməqsədli helikopterin bu gün Kazan müəssisəsindən ilk uçuş sınağı həyata keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin müdafiə sənayesi katibi İsmail Dəmir özünün “Twitter” səhifəsində bildirib.

İ.Dəmir qeyd edib ki, helikopterin hazırlanmasında müasir texnologiya və uçuş sistemlərindən istifadə olunub. Müdafiə sənayesi katibi bildirib ki, gələcəkdə T625 yüngül çoxməqsədli helikopterin seriyalı istehsalına başlanılacaq. Seriyalı istehsalın 2021-ci ildə başlanılması planlaşdırılır.

10 ton ağırlığında olan T625 helikopteri 20-dən artıq heyəti daşımaq qabiliyyətinə sahibdir. Helikopterin maksimum sürəti 170 knot, uçuş uzaqlığı 1000 km təşkil edir. Hərbi konfiqurasiyaya sahib olan T625 çoxməqsədli helikopterin əsasən axtarış-xilasetmə və dəniz əməliyyatlarına uyğun hazırlanması nəzərdə tutulub.

Milli imkanlar hesabına hazırlanan yeni helikopter ayaq üstə dayanmaq üçün əlverişli geniş kabinə, əməliyyatlar üçün arxadan çıxış qapağı və davamlı enmə vasitələri ilə təchiz olunub.