03/10/2017 12:13

Türkiyənin yüngül çəkili “Kaplan” tankı İndoneziyada – VİDEO

Türkiyənin FNSS şirkəti ilə İndoneziyanın “PT Pindad” şirkətinin Türkiyədə hazırladığı “Kaplan MT” orta ağırlıqlı tankın ilk prototipi İndoneziya Silahlı Qüvvələrinə təhvil verilib.

“AzeriDefence”nin xəbərinə görə, bu barədə FNSS şirkəti məlumat yayıb.

Bildirilib ki, “Kaplan MT” İndoneziya Silahlı Qüvvələrinin müasir orta ağırlıqlı tanka olan ehtiyacını qarşılamaq məqsədilə hazırlanıb. Türkiyənin müdafiə sənayesi sahəsində tank sinifində ixrac ediləcək ilk zirehli maşın olan “Kaplan MT” oktyabrın 5-də İndoneziyanın Cileqon şəhərində keçiriləcək Milli Silahlı Qüvvələri Günündə nümayişə çıxarılacaq.

Türkiyə və İndoneziya arasında yüngül tank layihəsinə dair müqavilə 2014-cü ildə imzalanıb. FNSS-in “Akıncı” Zirehli Döyüş Maşınının (ZMA) bazasında müəyyən dəyişikliklər aparılmaqla yaradılan yüngül tank sinfinə aid edilən “Kaplan MT”  döyüş maşınları İndoneziya şəraitinə, xüsusilə cəngəllik şəraitlərinə uyğunlaşdırılıb.

“Akıncı” ZMA döyüş maşını üzərində aparılmış dəyişikliklər nəticəsində “Kaplan MT”nin çəkisi 2 ton artırılaraq 20 tona çatdırılıb. Əhəmiyyətli dəyişiklik döyüş maşınının silah sistemində olub. Yeni maşın sələfindən fərqli olaraq 30 mm-lik deyil, 105 mm-lik “Cockerill” yivsiz topla silahlandırılıb. Yüngül tanka avtomatik doldurma qabiliyyətinə malik “CMI Cockerill 3105” qülləsi inteqrasiya olunub.

“Kaplan MT” ilk atışdan hədəfi dəqiq vurmağa imkan verən atış nəzarət sistemi ilə komplektləşdirilib. Tankın ikinci silahı 7,62 mm çaplı pulemyotdur. Tankın əsas fərqi müxtəlif ekoloji mühitlərdə döyüş apara bilməsi, fərqli hədəflərə qısa, orta və ya uzun məsafədən atəş açmasıdır.

Mütəxəssilərin sözlərinə görə, “Kaplan MT” öz sinifində ən üst səviyədə mina və ballistik qoruma imkanına sahibdir. Əsas müharibə tankı ilə müqayisədə daha yüngül və daha kiçik ölçülərə malik olan “Kaplan MT” böyük tankların hərəkət edə bilmədiyi ərazidə, eləcə də ağırlıq səbəbindən böyük tankların keçə biləcəyi körpü və digər infrastrukturların olmadığı coğrafi bölgələrdə daha əhəmiyyətlidir.