05/07/2018 23:16

Türkiyənin “Təbər” yönləndirmə dəsti Ordunun silahlanmasına verilir

Türkiyənin ROKETSAN şirkətinin milli imkanlar hesabına hazırladığı “Təbər” yönləndirmə dəstinin (LGK) bu ay Silahlı Qüvvələrə çatdırılması başlanacaq.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin müdafiə sənayesi katibi İsmail Dəmir sosial media hesabında bildirib.

Müdafiə sənayesi katibi qeyd edib ki, INS və GPS naviqasiyası və lazer başlıqlı “Təbər” yönləndirmə dəstinin son atış testləri müvəfəqiyyətlə tamamlanıb: “Bundan əvvəl “Təbər” LGK ilə təchiz olunan Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 Blok 40 təyyarəsinin uçuş testləri keçirilib və uğurla nəticələnib”.

Hədəflərin yüksək dəqiqliklə vurulması üçün nəzərdə tutulan “Təbər” sistemi MK-81 və MK-82 tipli aviasiya bombalarına uyğunlaşdırılıb. “Təbər” ön hissədə yerləşən yarı aktiv lazer axtarıcı (SAL) və gövdə hissədə qanadcıqlar və quyruq hissədə yerləşən Qlobal Peyk Naviqasiya Sistemi (GNSS), inersial naviqasiya sistemi, batareya, uçuşa nəzarət sistemindən ibarətdir.

“Təbər” 3 rejimdə – yalnız INS, INS+GPS+Lazer, INS+Lazer rejimlərində çalışır. Uçuş məsafəsi buraxıldığı hündürlükdən asılı olaraq 28 km-dək, dəqiqliyi isə 3 metrədəkdir. Manevr qabiliyyəti 3g təşkil edən “Təbər”in hədəfə yönəlmə sürəti 100 km/saat təşkil edir.