11/08/2019 22:43

Türkiyənin “Tekom” şirkəti Azərbaycanla əməkdaşlığa başlayıb

Türkiyənin zirehli və zirehsiz hərbi nəqliyyat vasitələri istehsalçılarının 2004-cü ildən elektronika və işıqlandırma sistemləri ilə təchiz edən “Tekom” şirkəti Azərbaycana da öz məhsullarını ixrac etməyə başlayıb.

Bu barədə “AzeriDefence”yə açıqlamasında şirkətin həmtəsisçisi Yusuf Fidan məlumat verib.

Fidanın sözlərinə görə, hazırda Azərbaycan Ordusunda həyata keçiriləcək bir neçə layihədə iştirakla bağlı danışıqlar aparır.

“Tekom”un imkan və qabiliyyətləri barədə məlumat verən Yusuf Fidanın sözlərinə görə, 2015-ci ildən etibarən “Tekom” müxtəlif məhsullar, o cümlədən maşın içi və xarici işıqlandırma cihazları, limit svitç, DC-DC konverter və sensorlarla beynəlxalq sərgilərdə iştirak etməyə başlayıb. Hazırda “Tekom”un işıqlandırma sistemləri Türkiyənin “Otokar”, BMC, “Nurol Makina” şirkətlərinin istehsal etdikləri zirehli maşınlarında istifadə olunur.

“Şirkətimizin əsas istiqaməti, peşəkarlaşdığı sahə işıqlandırma sistemləridir. Bütün daxili və xarici işıqlandırma sistemlərimiz, sensorlarımız, elektrik avadanlıqlarımız NATO standartlarına uyğun istehsal edilir. TUSAŞ şirkəti ilə birlikdə aviasiyada istifadə olunan işıqlandırma sistemərinin də istehsalına başlamışıq. Artıq tərəfimizdən helikopter və təyyarələr üçün naviqasiya lampaları, quyruq lampaları, axtarış-xilasetmə lampaları və bir çox məhsul yaradılıb”, – deyə şirkət rəhbəri bildirib.

Şirkət rəhbəri qeyd edib ki, “Tekom”un məhsulları Türkiyə ilə yanaşı Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland və Ukraynaya ixracat həyata keçirib.

“Tekom” şirkətinin Azərbaycana hərbi texnikalar üçün işıqlandırma sistemlərinin ixracını həyata keçirdiyini deyən şirkət rəhbərinin sözlərinə görə, şirkət Azərbaycan Ordusu ilə bir neçə mühüm layihəni görüşür. Aprel ayının 30-da İstanbul şəhərində keçirilmiş İDEF-2019 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun “Tekom”un stendini ziyarət elədiyini deyən Yusuf Fidan Azərbaycanla iş birliyinin daha da artacağına inandığını bildirib.