29/12/2017 19:07

Türkiyənin yeni hərbi gəmisi istifadəyə verilib

Türkiyənin İstanbul tərsanəsində inşa edilən “TCG Akın” (A-584) xilasetmə və yedək gəmisi bu gün İstanbulda keçirilən mərasimdə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Katibliyinin (SSM) rəsmi “Twitter” səhifəsində bildirilib.

Xatırladaq ki, bundan əvvəl, eyni məqsədlə istifadə edilən “TCG Işın” (A-583) gəmisi cari ilin iyul ayında Hərbi Dəniz Qüvvələrinin istifadəsinə verilib.

Yeni “TCG Akın” xilasetmə və yedək gəmisi bu ilin noyabrında invertardan çıxarılan “TCG Akın” gəmisini əvəz edəcək.

Qeyd edək ki, istismar müddəti başa çatan “TCG Akın” gəmisi Hərbi Dəniz Qüvvələrində 47 il xidmət edib. 2-ci Dünya Müharibəsi zamanı ABŞ-da “USS Greenlet” adı ilə inşa edilən sualtı axtarış-xilasetmə gəmisi 1970-ci ildə Türkiyə donanmasına daxil edilib.