25/04/2019 16:46

Türkiyənin “Yörük” zirehli maşını seriyalı istehsala hazırdır

Türkiyənin “Nurol Makina” şirkətinin “Yörük” adlı 4×4 təkər formuluna malik zirehli maşınları seriyalı istehsala və ilk tədarükə hazırlanır.

Bu barədə “AzeriDefence”yə “Nurol Makina” şirkətindən məlumat verilib. Məlumatda bildirilib ki, “Yörük” öz sinifindəki maşınlardan daha üstün xüsusiyyətləri özündə birləşdirir. “Yörük” kalifikasiya testlərini tamamlayıb və ilk sifarişlərini alıb. Bu il ərzində seriyalı istehsalı həyata keçiriləcək. “Yörük” aprelin 30-dan mayın 3-dək İstanbul şəhərində keçiriləcək İDEF-2019 beynəlxalq müdafiə sərgisində ASELSAN şirkətinin “Sarp” döyüş modulunun “Sarp-Zəfər” adlı yeni konfiqurasiyası ilə sərgilənəcək.

Yeni “Yörük” modulyar maşındır. 4 və 9 nəfər üçün konfiqurasiya edilə bilir. Ballistik mühafizə səviyyəsinin istifadəçinin istəyinə uyğun şəkildə gücləndirilməsi mümkündür. Eyni zamanda ərazidə rahatlıqla istifadəyə imkan verir. “Yörük”ün siluetinin kiçik olması da onu fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bazara yeni təqdim edilən “Yörük” xüsusi hərbi şassi üzərinə dizayn edilib. 10 tonluq “Yörük” maşını müstəqil asqıya, mərkəzləşdirilmiş təkər tənzimləmə sisteminə və 4 ton yük götürmə qabiliyyətinə malikdir.

Şirkət mütəxəssislərinin sözlərinə görə, çəkisinin yüngül olmasına baxmayaraq maşın yüksək qorumanı təmin edir. “Yörük” maşının digər bir özəlliyi də eyni gövdə üzərində fərqli dəyişikliklərin edilə bilməsidir. Məsələn, maşın personal daşıyıcı olaraq istehsal edildiyi halda, sonradan arxa hissəni açıq və ya qapalı bölməyə çevirmək mümkündür. Keçicilik qabiliyyəti, dönmə radiusunun 6 metr olması və s. bu kimi xüsusiyyətləri şəhər daxilində əməliyyatlarda maşına mühüm üstünlüklər qazandırır. 300 at gücündə mühərriklə təchiz edilmiş “Yörük” 4×4 maşının sürəti 140 km/saat, gediş ehtiyatı 700 km təşkil edir.