14/04/2012 10:01

Türkiyənin ilk polimer gövdəli tapançasının Amerikaya ixracına başlanıb – FOTO

Türkiyənin “Samsun Yurt Savunma Sanayi” şirkəti “Canik 55” markası altında istehsal etdiyi polimer gövdəli TP-9 tapançasının ixracına başlayıb. Bu barədə “AzeriDefence” Türkiyə KİV-lərinə istinadən məlumat verib.

Türkiyədə ilk polimer gövdəli və ilk iynəli atış sistemi ilə çalışan tapança olan TP-9-un hazırlanmasına 2,5 il vaxt sərf olunub. Tapançanın istehsalına isə bu ilin yanvar ayından start verilib.

Birinci il ərzində 30 min ədəd istehsalı nəzərdə tutulan TP-9 Türkiyə Silahlı Qüvvələri və polis təşkilatı tərəfindən maraqla qarşılanıb, həmçinin Amerika daxil olmaqla 5 ölkədən sifarişlər alınaraq ixracına başlanıb.

Şirkətin baş direktoru Utku Aral “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, bu tapança bazarda görünməz silah olaraq tanınan polimer gövdəli silahın istehsalı sahəsində bir ilkdir. Yeni silahın yaradılması və istehsalı üçün 5 milyon avro investisiya qoyulub

Şirkət rəhbəri deyib ki, TP-9-un analoqlarından fərqi iynə hərəkətli və iynə atəş sistemi üzrə hazırlanmasıdır. Bu dizayn ilə xoruz mexanizmi tamamilə ləğv edilib. Eyni zamanda silah yüksək qoruma qabiliyyətinə malikdir. Daraqsız çəkisi 645 qram, boş daraqlı ağırlığı 740 qram olan tapançanın dəstəyi əlin böyüklüyünə görə dəyişdirilə bilmə özəlliyinə malikdir. Əmniyyət qüvvələri və hərbi heyət üçün hazırlanan tapança -50, +70 dərəcə tempratur üçün nəzərdə tutulub. Heç bir detalı dəyişmədən 10 min güllə atış testini müvəffəqiyyətlə keçib.